Ümumi məlumat
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktdan şikayət vermə məsələləri aşağıdakı qaydada tənzimlənir:
1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.
2. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
3. İnzibati şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
4. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
- şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
- şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
- barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
- şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
- şikayətin tərtib edildiyi tarix;
- şikayəti verən şəxsin imzası.
5. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayət instansiyası tərəfindən bu müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.