«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti

"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir.

Cəmiyyət bu məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  1. Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; 
  2. Qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu yolun təhkim və qorunma (mühafizə) zolağından kənarda yerli bitmə şəraitinə uyğun yerli və introduksiya olunmuş ağac və kol cinslərindən istifadə etməklə, müasir dizaynla hazırlanmış layihələr əsasında yaşıllıqların salınmasının həyata keçirilməsi;
  3. Salınmış yaşıllıqlara xidmət və suvarma işlərinin təşkil edilməsi, onların xəstəlik və ziyanvericilərdən, eləcə də yanğından mühafizəsinin, mal-qaradan və digər təsirlərdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; 
  4. Yaşıllıqlar salınacaq ərazilərin texniki qəbulunun vaxtında aparılmasının təşkil edilməsi və yaşıllıqlara aqrotexniki müddətlərə uyğun xidmət aparılmasının və əkinlərin vaxtında suvarılmasının həyata keçirilməsi;
  5. Yaşıllaşdırma ilə bağlı ağır (mürəkkəb) işlərin mexanikləşdirilməsinin təşkil edilməsi, salınmış yaşıllıq ərazilərinin uçotunun və inventarlaşma işlərinin aparılması, bu barədə hesabatların hazırlanmasının təmin edilməsi;
  6. Müvafiq dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  7. Fəaliyyəti ilə əlaqədar landşaft quruluşu planının tərtib edilməsinin həyata keçirilməsi;
  8. Landşaft quruluşunun, onun konsepsiyasının, perspektivinin ilkin layihələndirilməsinin həyata keçirilməsi
  9. Müqavilə və dövlət sifarişinə əsasən yaşıllaşdırma işlərinin yerinə yetirilməsi;
  10. Yaşıllıqların salınmasında tələb olunan əkin materiallarının daxili bazardan, zəruri hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada xaricdən alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  11. Qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakından səmərəli istifadə edilməsi;
  12. Digər hüquqi şəxslərlə faydalı kommersiya və elmi-texniki əməkdaşlığın həyata keçirilməsi;
  13. Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmaların keçirilməsi;
  14. Tabeliyində olan qurumların iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlərin görülməsi;
  15. Cəmiyyətin və tabeliyində olan qurumların mülki müdafiə hazırlığının təmin edilməsi
  16. Yaşıllaşdırma və landşaft dizaynı sahəsinə investisiyaların cəlb olunmasının təşkilində iştirak edilməsi;
  17. Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (qrantlar, texniki yardımlar, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə görə daxilolmalar və sair) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsinin təmin edilməsi;
  18. Məqsədli dövlət proqramları əsasında şəhərlərdə və digər yaşayış məntəqələrində, o cümlədən park və xiyabanlarda yaşıllıqların salınması, becərilməsi, bərpası, artırılması, mühafizəsinin təmin edilməsi və bu sahədə digər xidmətlərin göstərilməsi;
  19. Yaşıllıqların, o cümlədən ağac və kolların suvarılmasının su qanunvericiliyinə uyğun olaraq, su obyektlərindən istifadə etməklə təmin edilməsi;
  20. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sifarişi və ya icazəsi əsasında onların yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi;
  21. Yeni salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə təhvil verilməsinin təşkil edilməsi;
  22. Landşaftın deqradasiyasına, destruksiyasına və digər dəyişikliyinə səbəb olan halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi;
  23. Landşaftın yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  24. Müqavilə və dövlət sifarişinə əsasən landşaftın bərpa edilməsi və yaxşılaşdırılması işlərinin yerinə yetirilməsi;
  25. İstirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi;
  26. Cəmiyyətin əsas məqsədinə uyğun olaraq, qanunvericilikdə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul olmaq.